Fizika İnstitutunda Heydər Əliyevin xatirəsinə həsr edilmiş muzey açılıb
Bakı, 10 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri institutun baş direktoru, akademik Arif Həşimov açaraq bildirib ki, Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır. Bu institutun fəaliyyətinin uğurlu olmasında Ulu Öndərin müstəsna rolu olub. A.Həşimov muzeylə yanaşı, institutda Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətini və 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərini əks etdirən stendlərin də quraşdırıldığını vurğulayıb.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeylə tanış olublar.