Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
Yalnız ötən on gün ərzində FHN tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yalnız ötən on gün ərzində FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib.
Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.
Nazirlik mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin mövcudluğunu, habelə azyaşlıların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.