FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ GÖRÜŞ
Görüşdə Azərbaycanda fövqəladə vəziyyətlərdə əhalinin mühafizəsi ilə bağlı görülən işlər müzakirə olunmuşdur.
Eduard Lintner Kəmaləddin Heydərovu yeni təyinatı münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır. Təmsil etdiyi Almaniyada belə bir strukturun olmadığını söyləyən qonaq, Azərbaycanda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin iş prinsipləri, fəaliyyət istiqamətləri ilə maraqlanmışdır.
Nazir Kəmaləddin Heydərov müasir dövrdə ölkənin irimiqyaslı fövqəladə hadisələrin təsirindən etibarlı surətdə mühafizə olunması sahəsində görülən işlərdən danışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan nazirliyin təşəkkül mərhələsində olduğunu bildirən Kəmaləddin Heydərov, xilasedicilərimizin ölkədə baş verə biləcək təbii və texnogen qəzalar zamanı əhalinin və ərazinin mühafizəsinə daim hazır olduqlarını, onların yalnız respublika ərazisində deyil, digər ölkələrdə də baş verə biləcək fəlakətlərin nəticələrinin aradan qaldırılması imkanına malik olduqlarını diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.