“Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanmasından ibarət olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.