FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA
Hörmətli cənab Prezident,
Əziz dostum!
Fransa Respublikasının Prezidentliyinə seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizə ən hərarətli təbriklərimi yetirir, yenidən seçildiyiniz ali dövləti vəzifənizdə məsul və şərəfli fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.
Avropa dəyərlərini, demokratiyanı və humanizmi faşistsayağı ekstremizm təhlükəsindən qorumağa bu gün də ehtiyac vardır. Əlamətdar tarixi hadisədir ki, Fransa xalqı bu dəyərləri məhz Sizin rəhbərliyiniz altında saxlamaq əzmini nümayiş etdirdi.
İnanıram ki, fransızlar qarşıdan gələn qanunvericilik seçkilərində də Sizə öz etimadlarını nümayiş etdirəcəklər və Sizinlə birlikdə Böyük Fransanı irəli aparacaqlar.
Mən ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirirəm ki, Sizin yeni mandatınız müddətində bu münasibətlər daha yüksək mərhələyə qalxacaq və birgə səylərimiz sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini tapacaqdır.
Cənab Prezident, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimi dostluq hissləri ilə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2002-ci il