FRANSA TÜRKİYƏ QARŞISINDA ŞƏRT QOYUR
Fransanın xarici işlər naziri Filipp Dust-Blazi noyabrın 8-də Milli Assambleyada deputatların Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların vaxtının gündəliyə gətirilməsi ilə bağlı suallarına cavab verərək bildirmişdir ki, Avropa Komissiyası Türkiyənin vəd etdiyi islahatları ləng yerinə yetirməsindən narahatdır.
Kipr məsələsinə toxunan nazir demişdir ki, Türkiyə Kipr Respublikasından gələn təyyarə və gəmiləri öz limanlarında qəbul etməkdən boyun qaçırır. Əgər ilin sonuna qədər bu sahədə bir dəyişiklik baş verməzsə, Fransa Türkiyə ilə Avropa Birliyi arasında danışıqların vaxtının dəyişdirilməsinə çalışacaqdır.
Xarici işlər nazirinin bu bəyanatı Fransanın siyasi dairələrində heç də birmənalı qarşılanmamışdır. Bir çox siyasətçilər bundan əvvəl uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza tədbirləri görülməsi barədə Milli Assambleyanın qəbul etdiyi qərardan sonra iki ölkənin münasibətlərində yaranmış soyuqluğun daha da dərinləşəcəyini bildirmişlər.