DÜNYA
FRANSADA PARLAMENT SEÇKİLƏRİNİN YEKUNLARI
Fransada Milli Məclisə seçkilərin ikinci dövrəsi parlament hakimiyyətinin yaxın beş ildə sağların ixtiyarına keçməsi ilə qurtarmışdır. Jak Şirakın dəstəklənməsi üçün bir neçə ay əvvəl yaradılmış Prezident Çoxluğu Uğrunda İttifaq (PÇİ) parlamentin aşağı palatasında mütləq çoxluğa nail olaraq, 350-dən artıq mandat qazanmışdır. Beşinci Respublikanın 44 illik tarixi ərzində hələ heç bir siyasi partiya 577 yerlik Milli Məclisdə belə böyük üstünlüyə nail olmamışdı.
Son 20 il ərzində əslində fasiləsiz hökmranlıq etmiş sol qüvvələr indi müxalifətə keçmək məcburiyyətində qalmışlar.
İTAR-TASS-ın verdiyi xəbərə görə, sosialistlər ümumən öz sıralarını saxlaya bilmişlər və parlamentin yeni tərkibində əvvəlki 250 deputat mandatı ilə müqayisədə indi təxminən 140 yerə malik olacaqlar.
Jan-Mari le Penin Milli Cəbhəsinin növbəti parlament məğlubiyyəti də seçkilərin mühüm yekunudur. O, bir mandat da qazanmamışdır. Bununla da, Milli Cəbhə prezident seçkilərinin ikinci mərhələsinə çıxmış öz liderinin nisbi müvəffəqiyyətini regional səviyyədə təkrar edə bilməmişdir.
Eyni zamanda, seçkilər Fransada ikiqütblü parlament siyasi sistemi yaradılmasını təsbit etmişdir, o mənada kı, iki aparıcı partiya - PÇİ və Sosialist Partiyası deputat yerlərinin təxminən 90 faizinə nəzarət edirlər. Bu isə Fransanın siyasi sisteminin ümumi sabitliyini xeyli gücləndirir.
Sağ qüvvələrin indiki ümumi qələbəsi ilk növbədə dövlət başçısı Jak Şirakın şəxsi xidmətinin nəticəsidir. O, prezident seçkiləri zamanı özünün əsas rəqibini - Lionel Jospeni məğlubiyyətə uğradaraq, siyasi tərəfdarlarının parlament çoxluğuna nail olması üçün yol açmışdır.
Beləliklə, sağ qüvvələr və prezident müasir Fransa cəmiyyətinin və ölkə iqtisadiyyatının islahatına dair ən cəsarətli planları həyata keçirməyə imkan qazanmışlar.