FUTBOL ÜZRƏ AVROPA ÇEMPİONATINA HAZIRLIQ YEKUNLAŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 7-dən 29-dək Avstriya və İsveçrədə keçiriləcək futbol üzrə XIII Avropa çempionatına (AÇ-2008) hazırlıq işləri yekunlaşmaq üzrədir.
Bu böyük idman tədbirini izləmək üçün iki milyondan artıq futbol azarkeşinin bu ölkələrə səfər edəcəyi gözlənilir. Azarkeşlərin dörddəbir hissəsi (550 min nəfər) oyunları stadionlarda canlı olaraq, qalanı isə şəhərlərdə quraşdırılacaq geniş ekranlar vasitəsilə izləyəcəklər.
Çempionat müddətində təhlükəsizliyi təmin edəcək mühafizə qruplarına təlim kursları, avadanlıqların alınması və müxtəlif dərəcəli mühafizə sistemlərinin yaradılması üçün təşkilatçılar indiyədək 90 milyon avro sərf etmişlər. Ekspertlər hesab edirlər ki, polis orqanları ehtirasları coşan azarkeşləri ram etmək üçün çempionat müddətində hər gün orta hesabla 200 nəfəri saxlamalı olacaqdır. Bu məqsədlə oyunların keçiriləcəyi regionlarda həsbxanalardakı məhbusların bir qisminin müvəqqəti olaraq başqa yerlərə köçürülməsi qərara alınmışdır.
Avstriya Daxili İşlər Nazirliyinin AÇ-2008 üzrə mətbuat katibi Konrad Koqler bildirmişdir ki, hər iki ölkənin hüquq-mühafizə orqanları asayişin mühafizəsi üçün yüksək hazırlıq səviyyəsindədir. Futbol üzrə 2006-cı il dünya çempionatına uğurla ev sahibliyi etmiş Almaniya, kiçik Alp ölkəsinə böyük miqyaslı tədbirlər və kütləvi iğtişaşlar zamanı asayişin bərpası üzrə ixtisaslaşmış 1700 nəfərlik polis kontingenti göndərəcəkdir. İsveçrədə, həmçinin 15 000 hərbçi çempionat müddətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mülki orqanların sərəncamına veriləcəkdir.
2006-cı ildən Qırmızı Xaç Cəmiyyətinin nəzdində fəaliyyət göstərən mərkəz vasitəsilə çempionat müddətində stadionlarda ilk təcili tibbi yardım xidmətinə nəzarət etmək mümkün olacaqdır.