Futbol üzrə Azərbaycan kuboku yarışlarının 2015-2016-cı il mövsümünün püşkü atılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də futbol üzrə Azərbaycan kuboku yarışlarının 2015-2016-cı il mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, AFFA-nın binasında keçirilən tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klubların nümayəndələri iştirak ediblər.
On doqquz komandanın mübarizə aparacağı turnirdə onaltıdabir və səkkizdəbir final mərhələlərinin cütlükləri müəyyənləşib. Belə ki, oktyabrın 14-də keçiriləcək onaltıdabir final mərhələsində MOİK - “Turan Tovuz”, “Şahdağ” - “Şəmkir” və “Şərurspor” - “Qaradağ Lökbatan” matçları oynanılacaq.
Dekabrın 2-də səkkizdəbir final mərhələsində isə MOİK - “Turan Tovuz” cütünün qalibi “İnter”, “Rəvan” komandası “Bakı”, “Qarabağ” klubu “Şahdağ” - “Şəmkir” qarşılaşmasının qalibi, “Neftçala” kollektivi “Sumqayıt” ilə üz-üzə gələcək. Həmçinin “Neftçi” komandası “Şərurspor” - “Qaradağ Lökbatan” görüşünün qalibi, “Xəzər Lənkəran” kollektivi “Kəpəz”, “Qəbələ” futbolçuları “Mil-Muğan”, AZAL isə “Zirə” komandası ilə qarşılaşacaq.
Onaltıdabir və səkkizdəbir final mərhələlərində qalibi müəyyənləşdirmək üçün bir oyun keçiriləcək. Digər mərhələlərdə isə qalib iki oyunun nəticəsinə əsasən məlum olacaq.