Füzuli rayonunda köhnə təmas xətti ərazisində 1,5 kilometr məsafədə 9 mina xətti aşkarlanıb
Füzuli, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda köhnə təmas xətti ərazisində 1,5 kilometr məsafədə 9 mina xətti aşkarlanıb və Füzuli-Əhmədbəyli yolunun buradan keçən hissəsində təmizləmə prosesi artıq başa çatıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təmizləmə qrupunun əməliyyat meneceri Mədəd Məmmədov deyib.
“Ən təhlükəli sahə hesab olunan ərazi isə 13 kilometr ərazini əhatə edir. Artıq bu hissənin 8 kilometrində keçid açılıb. Keçid açılan hissə Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Mirzəcamallı kəndlərini birləşdirir. Təmizlənən sahələrdə müxtəlif növ minalar aşkarlanıb”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə mayın 8-də minalardan təmizlənən ərazilərə mediatur təşkil olunub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.