Füzulidə şəhid ailələri üçün iftar süfrəsi açılıb
Füzuli, 20 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Müqəddəs Ramazan bayramı ərəfəsində Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar səsləndirilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun qazandığı böyük Zəfərdən söz açıb. Üç ildir Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyi bildirilib. Şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu bir daha vurğulanıb. Müqəddəs gündə bütün xalqımız, eləcə də şəhid ailələri, qazilər qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edilib, onlara xoş arzular çatdırılıb.
Tədbirdə çıxış edən ziyalılar, ağsaqqallar Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.