“G8” BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİ – 2008”
AZƏRTAC xəbər verir ki, Azərfoto Agentliyi, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyası və OXFAM beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə Bakıda keçirilən “G8” Beynəlxalq Karikatura Müsabiqəsi-2008” başa çatmışdır.
Bu münasibətlə iyulun 9-da Müasir İncəsənət Mərkəzində qalib karikaturaçıların əsərlərindən ibarət sərgi açılmışdır.
Müsabiqəyə 40 ölkədən 153 həvəskar və peşəkar karikaturaçı 610 əsərlə qatılmışdır.
İyunun 19-da start verilmiş müsabiqəyə sənədlərin qəbulu ötən ayın 30-da başa çatmışdır. Həmin müddətdə 300 nəfərdən çox iştirakçı elektron məktubla müsabiqəyə müraciət etmişdir. Çox zəif və milli, dini, irqi, eyni zamanda əxlaqi dəyərlərlə düz gəlməyən işlər müsabiqənin ilkin mərhələsindən kənarlaşdırılmışdır.
8 mövzuya (yoxsulluq, işsizlik; ərzaq böhranı; qlobal istiləşmə; təhsil, səhiyyə, içməli su, sanitariya; QİÇS-lə mübarizə; kasıb ölkələrin borclarının bağışlanması; azad ticarət; gender bərabərliyi) həsr olunmuş müsabiqəyə ən çox Braziliya, İran, Çin rəssamlarının nümayəndələri qatılmışlar.
Müsabiqənin əsas hədəfi olan “Böyük Səkkizlər”in - ABŞ, Kanada, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Yaponiyanın həmin mövzularla bağlı götürdükləri öhdəliklərə karikatura dilində münasibət bildirilməklə yanaşı, eyni zamanda onlar verdikləri sözə əməl etməyə dəvət olunurlar.
Maraqlı müsabiqədə 1-ci yer üçün 300, 2-ciyə 250, 3-cü yerin sahibinə isə 200 ABŞ dolları, daha 5 yer üçün isə diplomlar nəzərdə tutulmuşdur.
Sərgidən sonra müsabiqənin kataloqu çap olunacaq və oraya qaliblərin əsərləri ilə yanaşı, münsiflər heyəti tərəfindən bəyənilən daha 50 karikatura daxil ediləcəkdir.
Beynəlxalq tədbirdə ölkəmizi 4 karikaturaçı rəssam - Seyran Cəfərli, Tural Həsənli, Aytən Dadaşova və Bayram Qasımxanlı 20 əsərə təmsil etmişlər.
Azərfoto Agentliyinin rəhbəri Ceyhun Abdulla 100-ə yaxın karikaturanın nümayiş olunduğu sərginin açılış mərasimində müsabiqənin Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində əhəmiyyətli tədbir kimi dəyərləndirmişdir.