REGİONLAR
GDU-da şəhidlərin xatirəsinə həsr olunan bilik yarışı
Gəncə, 30 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) şəhid məzunları Elgün Xıdırov və Səməndər İmanovun xatirəsinə həsr olan bilik yarışı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Universitetin Tələbə Elmi Cəmiyyəti və Ekologiya və təbiəti mühafizəsi kafedrasının birgə əməkdaşlığı ilə keçirilən yarışda əvvəlcə şəhidlərin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Bilik yarışının açılış mərasimində çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilən yarışı yüksək qiymətləndirib. Prorektor gənclərə şəhidlərimizin keçdiyi şərəfli yolu örnək götürməyi, Vətəni onlar kimi sevməyi tövsiyə edib.
Sonra yarış keçirilib, tələbələrə “İşğal dövründə Qarabağda yaranan ekoloji problemlər”, “Azərbaycanın ekoloji problemləri və onların həlli yolları”, “Qlobal ekoloji məsələlər” üzrə suallar verilib.
Yarışda “Bio Remediation” komandası qalib gələrək kubok qazanıb, hədiyyə və diplomla təltif edilib. II yerə “Vitagreen”, III yerə “Reverse Osmosis”, IV yerə “Rainergy”, V yerə ”Enviroment” komandası sahib çıxıb. Qaliblərə sertifikatlar təqdim olunub.