“Gələcəyin qurucuları 3” düşərgəsi: gənclər liderlik bacarıqlarını təkmilləşdiriblər
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Quba rayonunda keçirilən “Gələcəyin qurucuları 3” düşərgəsinə yekun vurulub.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Quba şəhərində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar. Sonra Quba Rayon Şəhidlər xiyabanı və Quba Şəhidlər Muzeyi ziyarət olunub.
Düşərgənin açılışında ADPU TGT-nin sədri Elmira Babayeva yeddi ildən sonra yenidən təşkil olunan “Gələcəyin qurucuları” düşərgəsinin tələbələr tərəfindən maraqla qarşılandığını qeyd edib. Bildirib ki, layihə gənclərin liderlik bacarıqlarının inkişafı, potensiallarının üzə çıxarılması və ictimai fəallığının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Xasay Vəliyev və ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi İsmayıl Nəsirov çıxış ediblər. Çıxışlarda belə layihələrin gənclərin bilik və bacarıqlarının artırılması, liderlik keyfiyyətlərinin formalaşdırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və sosial fəallığının təşviqi baxımından əhəmiyyəti vurğulanıb.
Düşərgənin ilk günü maarifləndirici və interaktiv sessiyalarla davam edib. Təlimçi Rövşən Şərif tərəfindən keçirilən “İngilis dilini öyrənmənin effektiv metodları” mövzusunda təlimdə iştirakçılar müasir dil öyrənmə metodları ilə tanış olublar. Vüqar Məmmədovun rəhbərliyi ilə təşkil olunan praktik məşğələ zamanı əldə olunan nəzəri biliklər praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilib. Daha sonra komandalar təqdimatlar ediblər.
Düşərgənin ikinci günündə ADPU rəhbərliyinin iştirakçılarla görüşü keçirilib. Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev iştirak ediblər.
Çıxış edən qonaqlar düşərgənin gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, şəxsi və peşəkar potensialının artırılması, komanda işinin təşviqi və vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsi baxımından mühüm platforma olduğunu qeyd ediblər. Onlar iştirakçıları düşərgə müddətində qazandıqları bilik və təcrübələrdən səmərəli istifadə etməyə çağırıblar. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.