İQTİSADİYYAT
Gəmiçiliyin “Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub
Bakı, 1 mart, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
Gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub.
Gəmidə iki ədəd yeni köməkçi dizel mühərrik quraşdırılıb, gövdəsinin yararsız hissələri dəyişdirilib, baş göyərtənin taxta örtüyü təzələnib, işıqlandırma sistemi yeniləri ilə əvəzlənib.
Bundan başqa, işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda və yeməkxanada da təmir işləri aparılıb. Hazırda gəmi heyətinin yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri göz oxşayır.
Təmir çərçivəsində “Andoqa”nın sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
Gəmi sahil və dəniz sınağından uğurla keçib.
“Andoqa” təchizat-yedək gəmisi dənizdə neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında istismar olunur. Uzunluğu 67,58 metr, eni 13,8 metr olan gəmi “Wartsila” firmasının istehsalı olan 2 ədəd 9R32 tipli, 2х3915 at gücünə malik mühərriklərlə təchiz edilib.