ELM VƏ TƏHSİL
Gənc geoloq alimlərin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, həmin institutda dissertasiya işini yerinə yetirən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin magistrantı Aygün Bayramova və Fransa-Azərbaycan Universitetinin əməkdaşı, Yer elmləri üzrə fəlsəfə doktoru Elşən Abdullayevin məqaləsi neft geokimyası sahəsində dünyanın ən reytinqli jurnalı hesab olunan “Chemical Geology”də dərc edilib. Beşillik impakt faktoru 4.169-a bərabər olan jurnal Q1 kateqoriyalıdır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Palçıq vulkanlarında maye-qaya qarşılıqlı təsir mexanizmi haqqında yeni fikirlər: Bahar və Zənbil (Azərbaycan) bölgələrində maye və palçığın əmələgəlmə nəticələri” adlı məqalə respublikanın quru və dəniz sahəsində yerləşən adaların timsalında vulkanlar tərəfindən xaric edilən flyuidlərin və palçığın mənbəyi, genezisi, o cümlədən flyuid-süxurun qarşılıqlı əlaqəsinə dair alınan yeni elmi nəticələrin müzakirəsinə həsr olunur.
Tədqiqatlar Avstriyanın Qrats Texnologiya Universitetinin alimləri ilə birgə aparılıb.