GƏNC JURNALİSTLƏR ÜÇÜN SEMİNAR-TRENİNQ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Gəncədə Beynəlxalq Jurnalistlər Təşkilatının təşəbbüsü ilə jurnalistikaya maraq göstərən gənclərin peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq öz işinə başlamışdır.
Beynəlxalq Jurnalistlər Təşkilatının üzvü, peşəkar jurnalist Erik Şvarts tərəfindən aparılan məşğələlərdə 50-yə yaxın gənc jurnalist xəbər hazırlamaq metodları və toplanmış materiallar əsasında məqalə yazmaq vərdişlərinə yiyələnirlər.
İki həftəlik təlimlərin ilk mərhələsində iştirakçılar bir sıra nəzəri biliklərə yiyələnəcək, ikinci mərhələdə isə öyrəndiklərini tətbiq etmək məqsədi ilə qruplara bölünərək müxtəlif mövzularda məqalələr hazırlayacaqlar. Axırda məqalələrin ən yaxşıları internetin Amerika saytlarında yerləşdiriləcək, iştirakçılara isə sertifikatlar veriləcəkdir.