GƏNC SAHİBKAR VƏ FERMERLƏRİN İSTEHSAL ETDİYİ MƏHSULLARIN SƏRGİSİ KEÇİRİLMİŞDİR
Respublikanın 30-a yaxın şəhər və rayonundan 80-dək gənc sahibkarın və fermerin 200-dən artıq məhsulunun nümayiş olunduğu sərginin keçirilməsindən əsas məqsəd gənc sahibkarların və alimlərin potensialını nümayiş etdirmək, “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, gənclərin məşğulluq səviyyəsinin artırılması sahəsində görülən işləri daha da sürətləndirmək, bu sahəyə dövlət dəstəyini gücləndirməkdir.
Gənclər idman və turizm naziri Əbülfəz Qarayev tədbir iştirakçılarını təbrik edərək demişdir ki, 2003-cü ildən bəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında ölkə iqtisadiyyatının sürətli inkişafında gənclərin böyük payı vardır. Nazir gənclərin IV respublika forumu ərəfəsində həyata keçirilən tədbirlər sırasında gənc sahibkarların istehsal etdiyi məhsulların sərgisinin əhəmiyyətindən danışmış və bu cür tədbirlərin regionlarda da keçirilməsinin çox böyük marağa səbəb olduğunu bildirmişdir.
Ə.Qarayev demişdir ki, son üç ildə orta və kiçik sahibkarlığa yardım fondunun xətti ilə gənc sahibkarlara 240-dan çox layihə üzrə 9 milyard manat məbləğində kredit ayrılmış və bu, gənclərin iqtisadi fəaliyyətinin inkişafına təkan vermişdir.
İqtisadi inkişaf naziri Fərhad Əliyev forum ərəfəsində bu cür tədbirin təşkil olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə əlverişli sərmayə mühitinin yaradıldığını vurğulamış, bunun nəticəsində sahibkarlıqla məşğul olan gənclərin sayının artdığını bildirmişdir. Bu meylin getdikcə gücləndiyini söyləyən nazir, indiyədək ölkədə açılmış yeni təsərrüfat subyektlərinin yaradılmasında gənclərin böyük rol oynadığını diqqətə çarpdırmışdır.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən mal və xidmətlərlə tanış olmuşlar. Gənc ixtiraçı alimlərin də iştirak etdiyi sərgidə innovasiya yönümlü məhsul və layihələr, emal, yeyinti, tikinti materialları, nəşriyyat-poliqrafiya, informasiya texnologiyaları, turizm və s. sahələrə aid mal və xidmətlər nümayiş etdirilmişdir.