Gənc Tamaşaçılar Teatrında “Bir günəş altında” tamaşasının premyerası olacaq
Bakı, 2 mart, AZƏRTAC
“British Council Azərbaycan” Mədəniyyət və İncəsənət Universiteti, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycanın “SABAH” qrupu və Nizami Kino Mərkəzi ilə birlikdə Gənc Tamaşaçılar Teatrında martın 9-da “Bir günəş altında” tamaşasının premyerasını təqdim edəcək.
“British Council Azərbaycan”dan AZƏRTAC-a verilən məlumata görə, “British Council”un “Unlimited” proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin etmək və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləməkdir. Səhnə əsəri fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərin öhdəsindən birgə gəlməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.
Tamaşa DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və daima yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında səhnəyə qoyulur.
“Bir günəş altında" tamaşası Bakının müxtəlif universitetlərində Azərbaycan dilində nümayiş olunacaq. Tamaşa azərbaycanlı yazıçı Lalə Əliyeva-Kliçkovanın pyesi əsasında səhnələşdirilib. Pyes tamaşada baş rolu ifa edən motivator və bloqqer Murad Məmmədovun həyat hekayəsinə əsaslanır.