MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının kollektivi dünya teatr olimpiadasının diplomu ilə təltif edilib
Bakı, 27 aprel, AZƏRTAC
Hindistanda VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı diplomla təltif edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festivala olimpiada təşkilatçılarının dəvəti ilə qatılan kollektiv T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, səhnə əsəri ilə bağlı çoxsaylı müsbət fikirlər səsləndirilib, müzakirələr aparılıb. Festival təşkilatçıları aktrisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər.
Uğurlu çıxışa və maraqlı səhnə əsərinin təqdiminə görə, tamaşanın yaradıcı heyəti festivalın xüsusi diplomu ilə təltif edilib.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və teatrımıza göstərilən etimaddır. Gənc Tamaşaçılar Teatrı beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsi, Azərbaycan teatrının dünyada tanıdılması, təbliği istiqamətində həmişə bu etimadı doğrultmağa çalışır.
Tamaşanın rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar Artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.