REGİONLAR
Gənc tədqiqatçının Naxçıvanın qədim tarixi ilə bağlı üç ölkədə elmi məqaləsi dərc olunub
Naxçıvan, 18 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin müəllimi, AMEA Naxçıvan Bölməsinin doktorantı, gənc tədqiqatçı Emin Məmmədovun Naxçıvanın qədim dövr tarixi ilə bağlı, xüsusilə də Eneolit və Tunc dövrləri haqqında 3 ölkədə (İspaniya, Ukrayna, Rusiya) ingilis dilində elmi məqalələri dərc olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, gənc tədqiqatçının Ukraynanın tanınmış elmi nəşrlərindən olan beynəlxalq indeksli “Qileya” (“Гілея” науковий вісник) jurnalında “Eneolit mədəniyyətinin mənşəyinə dair araşdırmalar (Naxçıvan-Şərur arxeoloji abidələrinin tədqiqinə nəzərən)” məqaləsi, Rusiyanın tanınmış elmi nəşrlərindən olan beynəlxalq indeksli “Elm problemləri” (Проблемы науки) jurnalında “Eneolit mədəniyyətinin xronologiyası (Naxçıvan-Şərur arxeoloji abidələrinin tədqiqinə nəzərən)” məqaləsi dərc olunub. “Azərbaycanın Şərur bölgəsinin Eneolit dövrü arxeoloji abidələrində aşkar olunmuş metal əşyalar haqqında” məqaləsi isə İspaniyanın Madrid şəhərində təşkil olunan “Müasir dünyada elmin perspektivləri və əsas meyilləri” adlı IX Beynəlxalq Multidisiplinar Konfransın materiallarının toplandığı jurnalda işıq üzü görüb.
Məqalələrdə Naxçıvanın qədim yaşayış yerlərinin tədqiqi, Şərur bölgəsinin Orta və Son Eneolit dövrünə aid arxeoloji abidələri, bu bölgədə metallurgiya və metalişləmə sənətinin qədim tarixi, Naxçıvanda zəngin metal yataqlarının qədim dövrlərdən bəri istifadəsi, Eneolit dövründə Şərur bölgəsində tikinti mədəniyyətinin formalaşması və inkişafı haqqında arxeoloji tapıntılar əsasında məlumat verilir. Bu araşdırmalar, eyni zamanda, Naxçıvanda Eneolit dövrü mədəniyyətinin mənşəyi və onun xronologiyası ilə bağlı məsələləri aydınlaşdırmağa imkan verir.