“Gənc velosipedçilər” İctimai Birliyi regionlarda yeni layihəyə başlayıb
Gəncə, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC
“Gənc velosipedçilər” İctimai Birliyi tərəfindən Gəncə Dövlət Universitetinin tələbələri üçün “Sağlam həyatla sağlam gəncliyə” mövzusunda təlim keçirilib.
Təlimdə rektorun baş müşaviri Asif Cavadov, “Gənc velosipedçilər” İB-nin sədri Nur Axundova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və təlimçi Nurlan Qədirli iştirak ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, çıxış edən rektorun baş müşaviri Asif Cavadov bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələri inkişaf edir.
Təlim-seminarda “Sağlam həyatla sağlam gəncliyə” layihəsi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları arasında velosiped idmanına marağı artırmaq, bu idman növündən düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır. Layihə regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşmasına və təkmilləşməsinə də öz töhfəsini verəcək.
Seminarda iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçirilib, fərqlənən iştirakçılar sertifikatla təltif edilib.