Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir
Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 30-da Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir.
Teatrın Bakı tamaşaçılarına təqdim etdiyi ilk tamaşa M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyası olmuşdur.
M.F.Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr edilən “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” ikihissəli komediyanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Tamaşanın nümayişindən əvvəl AZƏRTAC-a müsahibə verən rejissor Gümrah Ömər demişdir ki, səhnə əsəri dünyaya inteqrasiya prosesi və bu yolda mövcud olan əngəllər, Azərbaycan ailəsinin konservativ strukturu, milli adət-ənənələr və dünyəvilik kimi ideyalar üzərində qurmuşdur. Mən bu tamaşada faktı konstatasiya etmişəm və qəti ehkamlar irəli sürməkdən çəkinməyə çalışmışam. Bu gün Azərbaycan ailəsində, həqiqətən də, yararsız, köhnəlmiş ənənələr az deyildir. Amma bu gün qloballaşma devizi altında itirdiyimiz bir çox gözəl dəyərlər də vardır. Hatəmxan ağanın ailəsi Şahbaz bəyin Parisə getməyinə hər cür vasitə ilə mane olur. Onların seçdiyi vasitələrdən avamlıqları və cəhalətləri gün kimi aydın görünür. Bəlkə də bütün bu baş verənlər yaxşılığa doğrudur.
Tamaşada Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar Artist İlham Hüseynov, aktyorlardan Eldəniz Tağıyev, Elxan Abbasov, Günay Verdiyeva, Ləman Yusibova, Elşad Əhmədov, Rəhilə Məmmədova və Rauf Hüseynov çıxış etmişlər.
Teatrın mayın 1-də Bakıda nümayiş etdirəcəyi ikinci tamaşa N.V.Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəri olacaqdır.