Gəncədə “Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərin tətbiqi”nə həsr olunmuş konfrans keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Gəncə şəhər səhiyyə idarəsində “Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərin tətbiqi”nə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Gəncə şəhər səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədov Azərbaycanda peyvəndləmə işlərinin yüksək səviyyədə aparıldığını, bunun nəticəsində ölkəmizdə artıq bir çox xəstəliklərə rast gəlinmədiyini vurğulayıb. Professor ümidvar olduğunu bildirib, bu kimi konfranslar yerlərdə həkimlərin maariflənməsinə yardımçı olacaq.
Sonra çıxış edən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva ölkəmizdə aparılan immunlaşdırma işlərindən və poliomielitin ləğvi istiqamətində görülən tədbirlərdən, Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqindən danışıb.
Həkim Vüsalə Allahverdiyeva isə poliomielitin ləğvi istiqamətində Dünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlər barədə məlumat verib. DST tərəfindən 2002-ci ildə Azərbaycana “Poliomielitdən azad ölkə” statusunun verildiyini qeyd edən V.Allahverdiyeva 2005-ci ildən başlayaraq ölkəmizdə qızılca və məxmərək əleyhinə də davamlı tədbirlərin aparıldığını bildirib.
Sonda əldə olunan nəticələr müzakirə edilib, suallar cavablandırılıb.