Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Bakı, 9 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhəri, Nizami küçəsi, ev 70 ünvanında fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkarlanıb. Soyuducu kameralarda qida xammalı və yarımfabrikatların hazır yeməklərlə birgə saxlanıldığı, sanitar qovşağına girişin birbaşa emal və istehsal prosesləri gedən sahələrdən olduğu, mətbəxdə məişət tullantıları üçün hermetik zibil qabların quraşdırılmadığı, eyni zamanda, işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Faktla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrasına məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.