Gəncədə Gül bayramı keçirilmişdir
Gəncə, 9 may (AZƏRTAC). Gəncənin mərkəzi meydanı başdan-başa al-əlvan güllərə bürünmüşdür.
AZƏRTAC xəbər verir ki, şəhərin idarə və müəssisələri, ali və orta ixtisas məktəbləri kollektivlərinin çiçək və güllərdən hazırladıqları rəngarəng tablolar Gül bayramında iştirak edən Gəncə sakinlərində böyük maraq doğurmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə müxtəlif güllərdən hazırlanmış kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Ən yaxşı gül kompozisiyasını, dekarativ gül rəsmlərini, tətbiqi sənət nümunəsini bu məqsədlə yaradılmış münsiflər heyəti müəyyənləşdirmişdir. Sərgiyə daha maraqlı əl işləri çıxarmış Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının kollektivi münsiflər heyətinin qərarı ilə qalib elan edilmişdir.
Qalib kollektiv xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonra meydandakı Heydər Əliyev xatirə muzeyində AMEA-nın Gəncə Regional Elmi Mərkəzi tərəfindən hazırlanaraq nəfis şəkildə çap edilmiş “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə kitaba “ön söz” yazmış Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Regional Elmi Mərkəzinin direktoru, akademik Fuad Əliyev və digər ziyalılar çıxış edərək əziz gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, belə tədbirlərin ulu öndər Heydər Əliyevin parlaq xatirəsinə böyük ehtiramın ifadəsi olduğunu söyləmiş, ümummilli liderin canı qədər sevdiyi xalqının firavan həyatı naminə göstərdiyi misilsiz xidmətlərdən danışmışlar.
Sonra meydanda xalq gəzintisi olmuşdur. İştirakçılar minlərlə güllərdən toxunmuş əl işlərinə, dekarativ çiçəklərdən, müxtəlif bəzək əşyaları və rəngli kağızlardan hazırlanmış eksponatlara, bukletlərə və biçmə-tikmə nümunələrinə, natürmortlara baxmışlar. Ulu öndərin təbii güllərdən hazırlanmış portreti, Azərbaycanın dövlət atributları, ölkəmizin zəngin flora və faunasını, tarixi və memarlıq abidələrini, milli-mənəvi dəyərlərini əks etdirən əl işləri böyük doğurmuşdur.
Şəhərin incəsənət usatalarının çıxışları bayrama xüsusi ovqat bəxş etmişdir.