Gəncədə ictimai iaşə dövriyyəsinin həcmi 44 faiz artıb
Gəncə, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artaraq 22 milyon 840,2 min manat təşkil edib. Dövriyyənin 22 milyon 779,7 min manatı (99,7 faizi) fiziki şəxslərin hesabına təmin olunub.
Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 faiz artaraq 307 milyon 145,3 min manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 67 milyon 705,4 min manatlıq xidmət göstərilib və xidmətlərin ümumi dəyərinin 22,0 faizini təşkil edib. Ödənişli xidmətlərin 16,6 faizi dövlət, 83,4 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub. 2021-ci ilin müvafiq dövrünə nisbətən dövlət mülkiyyətində 41,2 faiz, qeyri-dövlət mülkiyyətində 2,9 faiz artım əldə edilib.
Yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla ayda 95,5 manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.