Gəncədə “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib
Gəncə, 19 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş vicdan və din azadlığı, dövlət-din münasibətlərinin hüquqi əsasları, eləcə də dini tolerantlıq və multikulturalizm ənənələrinin qorunması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, dövlət-din münasibətlərinin sağlam və qarşılıqlı hörmətə əsaslanan modelinin formalaşması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiqlər vurğulayıblar ki, Azərbaycanda müxtəlif dini konfessiyaların dinc yanaşı yaşaması, qarşılıqlı hörmət və tolerantlıq mühitinin mövcudluğu ölkənin multikultural dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu ənənələrin qorunması və gənc nəslə aşılanması dövlətin prioritet istiqamətlərindən biridir.