REGİONLAR
Gəncədə koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb VİDEO
Gəncə, 10 avqust, Elcan Məmmədov, AZƏRTAC
Son günlər COVID-19 virusuna yoluxma hallarında artım qeydə alınır. İnfeksiyasının geniş yayılmasının qarşısının alınması üçün digər bölgələrimizdə olduğu kimi, Gəncədə də genişmiqyaslı dezinfeksiya işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aparılan son dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib. Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.
İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.
Dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb və tərtib edilmiş qrafikə uyğun olaraq davam etdiriləcək.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1700-ü ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışını, şənlik mərasimlərinə icazənin, tətil mövsümü və xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda - yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.