Gəncədə qanunsuz fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 24 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Yeni Məhsəti qəsəbəsində fiziki şəxs Tağıyev Bəxtiyar Vaqif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib. Müəssisədə şüşə butulkaların yuma və doldurulma sahəsində istifadə olunan avadanlıqların paslana bilən materialdan təşkil edildiyi, yuma sahəsində su axarcıqlarının birbaşa açıq kanalizasiya xəttinə ötürüldüyü, təmizlik işlərinin aparılmadığı və digər istehsalçı müəssisələrə aid olan ikinci əl şüşə butulkalardan istifadə edildiyi müəyyən olunub.
Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.