Gəncədə rus dili olimpiadasına start verilmişdir
Gəncə, 23 noyabr (AZƏRTAC). Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi layihəsi çərçivəsində Rusiyanın Azərbaycandakı səfirliyinin yaxından iştirakı ilə Gəncədə rus dili olimpiadasına start verilmişdir.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin rəhbərlik etdiyi nümayəndə heyəti olimpiadanın keçiriləcəyi 5 saylı orta məktəbdə təşkil olunmuş konfransda iştirak etmişdir. Şəhərdə fəaliyyət göstərən rus dili müəllimlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə məktəbin direktoru Bəhrəm İmranov açaraq qonaqları salamlamış, olimpiadanın təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Azərbaycanla Rusiya arasında qədim köklərə malik dostluq əlaqələrindən, bu ənənənin davam etməsindən danışaraq demişdir ki, Azərbaycanda rus dilinə həmişə böyük hörmətlə yanaşılmışdır. Bu gün orta məktəblərdə rus dilinin tədrisinin yüksək səviyyədə qurulması onu deməyə əsas verir ki, Azərbaycanda bu işə dövlət siyasəti səviyyəsində yanaşılır. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə belə bir olimpiadanın keçirilməsi də bunun təzahürüdür.
Rusiyalı diplomat əlavə etmişdir ki, rus dili xalqlarımız arasında təkcə ünsiyyət vasitəsi olmaqla qalmır, eyni zamanda siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsində də mühüm rol oynayır.
Rusiyanın Müstəqil Dövlətlər Birliyi üzrə beynəlxalq humanitar əməkdaşlıq və təhsil layihələri şöbəsinin müdiri Svetlana Elnikovanın və Gəncə şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynovun çıxışlarından sonra olimpiada start götürmüşdür.
Olimpiadaya noyabrın 24-də yekun vurulacaqdır. Qaliblərə diplom və sertifikatlar təqdim olunacaqdır.