Gəncədə şəhid ailələri və qazilərlə görüş keçirilib
Gəncə, 29 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və qazilərlə görüşüb, onların şikayət və təkliflərini dinləyib. Pandemiya qaydalarına uyğun şəkildə baş tutan görüşdə Gəncədən olan deputatlar, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə iştirak edən şəhid ailələri və qazilərin müraciətləri dinlənilib. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi və digər məsələlər təşkil edib.
Problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.