Gəncədə uşaqlar xilasedicilərin iş fəaliyyəti ilə tanış olublar
Gəncə, 1 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi tərəfindən “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Açıq qapı günü” tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Açıq qapı günü”ndə uşaqlara nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Müxbir - Elcan Məmmədov