Gənclər arasında növbəti onlayn intellektual yarış keçirilib
Bakı, 18 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və “Xəzər” İntellektual Gənclər Klubunun növbəti onlayn intellektual yarışı keçirilib.
BŞGİBİ-nin rəisi Raqif Abbasov AZƏRTAC-a bildirib ki, yarışda gənclərdən ibarət 54 komanda birincilik uğrunda mübarizə aparıb. Tərkibi 6-8 gəncdən ibarət kollektivlər hər turda 12 sualı cavablandırıblar.
“İştirakçılara ümumi tarix, Azərbaycan və dünya bilgisi, məntiq, ədəbiyyat, planetdə baş verən ictimai-siyasi mövzularla əlaqədar qismən çətin, çətin, və çox çətin suallar ünvanlanıb. Məqsəd təkcə asudə vaxtı deyil, həm də ümumi biliyi artırmaq, COVID-19 pandemiyasının yaratdığı karantin dövründə evdə qalmalarına baxmayaraq, paytaxt komandalarının intellektual səviyyələrini yüksəltmək, kollektiv düşüncəni təkmilləşdirmək, kütləvi ünsiyyətin onlayn platforma vasitəsilə davam etdirməkdən ibarət olub”, - deyə R.Abbasov əlavə edib.
Cavabları münsiflər heyəti qiymətləndirib. Nəticədə 24 sualdan 17-nə düzgün cavab verən “Jagermeister” birinci yeri tutub. “Avalon” 15 düzgün cavabla ikinci, “Karma” isə 14 düzgün cavabla üçüncü olublar. Qaliblərin karantin dövrü bitdikdən sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulub.
Bu, Baş İdarənin “Xəzər” İntellektual Gənclər Klubu ilə birgə ikinci onlayn yarışması olub. İlk yarış ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına, onun ömür yolu və irsinə aid olub. Növbətisi isə mayın sonlarında xüsusi qayğıya ehtiyacı olan və müxtəlif sosial qruplara aid gənclər arasında nəzərdə tutulub.