Gənclər Fondunun dəstəyi ilə regionlarda ictimai iştirakçılıq artırılacaqdır
Bakı, 19 noyabr (AZƏRTAC). “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Könüllülük vasitəsilə gənclərin ictimai iştirakçılığı” adlı layihənin icrasını həyata keçirir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi, onların ictimai fəallığının artırılmasıdır. Layihə çərçivəsində gənclər arasında könüllülük və ictimai fəallıq mövzusunda debatlar keçiriləcək, seminar formatında qrup müzakirələri aparılacaq, təkliflər hazırlanacaq, ictimai könüllülük aksiyaları keçiriləcəkdir.
Layihə çərçivəsində Şəmkir və Tovuz rayonlarında “Könüllü məktəbi” çərçivəsində təlimlər keçirilmişdir. Təlimlərə dörd gün ərzində hər regiondan yüz gənc cəlb olunmuşdur. Təlimlər əsasən “Könüllülük nədir”, “Könüllülüyün prinsipləri və məqsədləri”, “Kim könüllü ola bilər”, “Könüllünün və təşkilatların hüquq və vəzifələri”, “Könüllülərin iştirakçılığı”, “Könüllülük sahəsində qanunvericilik”, “Könüllük sahəsində beynəlxalq gənclər proqramları” mövzularını əhatə edir.
Hər bir regiondan seçilmiş gənclərdən ibarət qruplarla “könüllülük və gənclərin ictimai fəallığı” mövzusunda debatlar keçirilmiş, müzakirələr aparılmışdır.
Layihə iştirakçıları, həmçinin hər gün könüllülük aksiyalarına qoşulmuşlar. Aksiyalar ekologiya, təhsil, vətəndaş cəmiyyəti sahələrini əhatə etmişdir.
Layihə çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən nəşr olunan “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça iştirakçılara paylanmışdır. Vəsait könüllü fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər tərəfindən maraqla qarşılanmışdır.
Ümumilikdə layihə Şəmkir, Tovuz, Yardımlı, Siyəzən kimi regionlarda həyata keçiriləcəkdir.