Gənclər Kitabxanasının direktoru: Səməd Vurğunun yubileyi ilə bağlı layihələr davam edir
Bakı, 24 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin görkəmli dramaturq, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsinə dair imzaladığı müvafiq Sərəncamının icrası ilə əlaqədar, Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənmiş “Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən həyata keçirilən layihələr davam edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov məlumat verib.
O bildirib ki, təqdim olunan materiallar, elektron resurslar XX əsr Azərbaycan poeziyasının ideya-estetik əsaslarını müəyyənləşdirən böyük şair, mütəfəkkir Səməd Vurğunun yaradıcılığının geniş oxucu auditoriyasına çatdırılması, onun milli ədəbiyyatımızdakı əvəzsiz xidmətlərinin təbliği və gələcək nəsillərə tanıdılması məqsədilə hazırlanır.
“Kitabxananın istifadəçilərə təqdim etdiyi növbəti material Xalq şairinin yubileyi ilə əlaqədar hazırlanan zəngin məzmunlu elektron məlumat bazası olub. Elektron resurs şairin çoxşaxəli həyat və yaradıcılığını, zəngin ədəbi irsini, eləcə də onun haqqında formalaşmış elmi və ədəbi fikri ictimaiyyətə sistemli şəkildə təqdim edir. Həmçinin bazada şairin müəllifi və redaktoru olduğu kitabların, məqalələrin, dram əsərlərinin, poemalarının, dövri mətbuatda çıxan şeirlərinin, digər dillərdə çap olunan nəşrlərinin, haqqında qələmə alınan kitab və dövrü mətbuat nümunələrinin, şeirlərinə yazılmış musiqi əsərlərinin, avtoreferat və dissertasiyaların, elektron resursların, izonəşrlərin siyahısı təqdim olunur”, - deyə direktor qeyd edib.