“GƏNCLƏR TƏŞƏBBÜSLƏRİNİN DƏSTƏKLƏNMƏSİ” LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AGİ-nin əlaqələndiricisi Fuad Dərgahlı bildirmişdir ki, layihənin əsas məqsədi treninqlər və kiçik qrantlar vasitəsi ilə gənclərin bilik və bacarıqlarını artırmaq, bu yolla onların məktəb və icmalardakı problemlərin həllində fəal iştirakını təmin etməkdir. Natiq 2004-cü ildən başlayaraq Bakı, Mingəçevir, Quba, Şəki, Ağdaş və Gəncənin təhsil müəssisələri ilə yanaşı Şüvəlandakı fiziki qüsurları olan uşaqlar üçün xüsusi internat məktəbin şagirdlərinin də layihəyə cəlb edildiyini vurğulamışdır.
CRS Azərbaycan nümayəndəliyinin rəhbəri Bahar Fətullayeva söyləmişdir ki, cari ilin dekabrından 2007-ci ilin sentyabrınadək davam edəcək builki layihə çərçivəsində məktəblərdə görüşlər keçiriləcək və işçi qrupu yaradılacaqdır. O vurğulamışdır ki, işçi qrupunun işləyəcəyi hər bir məktəbdə Gənclər Şurası yaradılacaq və onlarla müxtəlif mövzular üzrə treninqlər keçiriləcəkdir.
Tədbirdə çıxış edən CRS-in Cənubi Qafqaz üzrə direktoru Luk Bukard məlumat vermişdir ki, təşkilat 1943-cü ildən fəaliyyət göstərir. Hazırda 46 ölkədə ofisi vardır. Məqsədi həm də vətəndaş cəmiyyətinin yaradılması və gənclərin təşəbbüslərini dəstəkləməkdir.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər.