Gənclər üçün “Pozitiv düşüncələrin həyatımızda rolu” mövzusunda təlim keçirilib
Naxçıvan, 4 dekabr, AZƏRTAC
5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar Naxçıvan Tibb Kollecində “Pozitiv düşüncələrin həyatımızda rolu” mövzusunda təlim keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan təlimdə 30-dan çox könüllü gənc iştirak edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə nazirliyin əməkdaşı Azadə Əliyeva tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, könüllülük fəaliyyəti ilə uğurlu karyera istiqamətində nikbin addımlarını atan gənclərimiz üçün təlimin xüsusi əhəmiyyəti var. Hər kəs öz bacarıq və perspektivini düzgün qiymətləndirməklə gələcəkdə arzuladığı sahədə fəaliyyət göstərə bilər. Gənclərin məşğulluğunun təmin olunması, yaradıcılıq potensialının inkişafına zəmin yaradılması dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir.
Sonra təlimçi-psixoloq Əsmər Səfərovanın təqdimatında təlimə start verilib. “Araşdırmalara görə pozitiv düşünən insanlar qarşılarına yeni hədəflər qoyur və bunları həyata keçirə biləcək inadkarlıq nümayiş etdirməklə istəklərinə nail olurlar”, - deyən təlimçi vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, həyata nikbin notlarla köklənmək lazımdır. Çünki hər gün yeni bir başlanğıcdır və irəliləyən zamanı öz lehimizə dəyişə bilərik. Əsmər Səfərova qeyd edib ki, pozitiv düşünmək digər insanlarla yaxşı münasibət qurmağa, şəxsi bacarıqları kəşf etməyə, stresdən uzaqlaşmağa və ən əsası sağlam həyat tərzini formalaşdırmağa kömək olur.
Diskussiya şəraitində keçən təlimdə gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb, müvafiq məsələlər üzrə həll üsulları diqqətə çatdırılıb.