Gənclər və İdman Nazirliyində Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin rəhbərliyi ilə görüş olub
Bakı, 17 iyul, AZƏRTAC
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədri Semih Uşaklıoğlu, idarə heyətinin üzvləri professor Enver Özdəmir, Yavuzhan Baş, Halit Gökalp Küçük və Ceren Tunay, eləcə də Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə görüşüblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan İntiqam Babayev dərnəyin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və 44 günlük Vətən müharibəsində dərnəyə üzv olan 200-dən çox tibb işçisinin könüllü şəkildə Azərbaycana gəlmək üçün müraciət etməsinin təqdirəlayiq addım olduğunu bildirib.
Qonaqlar bildiriblər ki, artıq 6 ildir dərnəyə üzv olan qardaş ölkənin tibb işçiləri öz qurbanlarını Qarabağ bölgəsində kəsirlər. Qurban bayramı münasibətilə bu sovqatlar Qarabağdan məcburi köçkün düşən qaçqınlara, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin vasitəsilə paylanılır.
İ.Babayev qonaqlara pandemiya dövründə gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat verib.
Görüşdə dərnəklə ölkəmiz arasında əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.