Gənclərin İnkişaf və Karyera Mərkəzinin 46-cı nümayəndəliyi Xızıda fəaliyyətə başlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Xızı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak ediblər.
Açılış mərasimində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə sayəsində Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri kimi böyüyəcəkləri, bunun böyük mənəvi və psixoloji mənasının olduğunu xüsusilə vurğulayıblar. Çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa səsləyiblər.
Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişə uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.
Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətinə dair əyləncəli videoçarxların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.
Xızı gəncləri, həmçinin “Gənc könüllü”, təcrübəçi və üzvlük proqramına qoşulmağa dəvət ediliblər.
Bununla da Gənclərin İnkişaf və Karyera mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 46-ya çatıb. Bu il ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması nəzərdə tutulur.