Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm əhəmiyyətə malikdir
Naxçıvan, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Sərhəd Diviziyasının və “N” saylı hərbi hissənin əsgərləri iştirak etmişlər.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti Mirqiyas Rüstəmov ”Müasir gənclərin hərbi vətənpərvərlik işinin gücləndirilməsi”, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva ”Vətənpərvər gənclər yetişdirmək ən önəmli vəzifələrdəndir” mövzularında məruzələrlə çıxış etmişlər.
Qeyd olunmuşdur ki, vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığında da öz təzahürünü tapmalıdır. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi əhəmiyyətə malikdir.
Sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizlik Zirvəsi” adlı sənədli film nümayiş etdirilmişdir.