“GENERAL ŞIXLİNSKİ” TANKERİNDƏ İTKİN DÜŞƏNLƏRİN CƏSƏDLƏRİ TAPILMIŞDIR
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 15-də tankerin maşın bölməsi yoxlanılarkən qəza zamanı itkin düşmüş 6 nəfər heyət üzvünün - kapitan Bəhlul Məhərrəmovun, böyük mexanik Tapdıq Güliyevin, ikinci mexanik Abdulla Əhmədovun, üçüncü mexanik Asif Qaraşovun, motorçu Əkrəm Həsənovun, tornaçı-motorçu Azər Rzayevin yanmış cəsədləri aşkar edilmişdir.
Həlak olmuş heyət üzvlərinin dəfnini təşkil etmək məqsədi ilə Dövlət Xəzər Dəniz Gəmiçiliyində komissiya yaradılmışdır.
Elə həmin gün “Professor Gül” gəmi-bərəsində meyitlərin ekspertizası başa çatdırıldıqdan sonra mərhumların cənazələri Bakıya göndərilmişdir. İyulun 16-da yerli vaxtla saat 16-da gəmi Bakı limanına gəlmişdir.
Gəmi-bərə ilə tanker heyətinin üç nəfər üzvü - matros-motorçular Cəmiyyət İsmayılov, Gülağa Zülfüqarov və matros Elman Vəlixanov Bakıya qayıtmışlar.
“General Şıxlinski” tankerinin 5 nəfər heyət üzvü - gəmi kapitanının böyük köməkçisi Eldar Məmmədov, elektromexanik Zahid Vahidov, kapitanın ikinci köməkçisi Nail Fərəcov, bufetçi Qalina Lupakova və dokerman-matros Rauf İmaməliyev Türkmənbaşı limanında öz işlərini davam etdirirlər.
Təhqiqat işləri başa çatdıqdan sonra gəmi heyətinin qalan üzvləri də vətənə dönəcəklər. “General Şıxlinski” tankeri yedəyə alınaraq Bakıya gətiriləcəkdir.