Geologiya və Geofizika İnstitutunun Elmi şurasında cari ildə aparılan tədqiqatlar müzakirə olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda 2022-ci ildə tamamlanmış elmi-təşkilati işlər üzrə hesabatların müzakirəsi çərçivəsində AMEA-nın müxbir üzvü GGİ-nin icraçı direktoru Dadaş Hüseynov “Qafqazın, Qara dəniz və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərinin geoinformasiya sistemi” (2020-2022) mövzusunda təqdimatla çıxış edib. D.Hüseynov mövzu üzrə aparılmış işlərdən danışaraq bildirib ki, Qafqazın, Qara dənizin və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərini öyrənmək üçün institutun 5 şöbəsi cəlb olunub. Bir sıra kompleks, o cümlədən çöl işləri nəticəsində maraqlı faktlar aşkarlanıb.
Müasir geoinformasiya texnologiyalarının imkanlarından istifadə olunaraq ərsəyə gətirilmiş elmi-tədqiqat işində indiyə qədər nəşr edilmiş çoxsaylı elmi mənbələr araşdırılmaqla yanaşı, palçıq vulkanları və onların xaric etdiyi flüidlərin, eləcə də təbii mineral suların qarşıya qoyulan məqsəd daxilində araşdırılması üçün lazımi tədqiqatlar reallaşdırılıb. Elmi işin məhsuldar və effektiv nəticəsi olaraq 141 xəritə hazırlanıb.
Dadaş Hüseynov çoxsaylı sualları cavablandırıb, mövzu ətrafında müzakirələr və çıxışlar dinlənilib. Hesabatın qəbulu üçün iclas iştirakçıları yekdilliklə səs veriblər.
Yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova və AMEA-nın müxbir üzvü Elmira Əliyeva “Kompleks biostratiqrafik, litoloji-petroqrafik, biogeokimyəvi və geofiziki tədqiqatlar əsasında Cənub-Şərqi Qafqazın miosen çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyası” (2019-2022) istiqamətində görülmüş işlər haqqında hesabat təqdim ediblər. Alimlər nəzərə çatdırıblar ki, çöl və laboratoriya işlərində 4 şöbənin mütəxəssisləri çalışıblar.
Hesabat çıxışından məlum olub ki, müəlliflər yüksək səviyyədə kompleks iş icra ediblər. Aparılmış korrelyasiya öyrənilən çöküntülərin stratiqrafik bölgüsünün dəqiqləşdirilməsinə və paleontoloji cəhətdən səciyyələnən paleomaqnit tədqiqatların məlumatları ilə uyğun gələn stratiqrafik komplekslərin ayrılmasına imkan verib.
Bakı Dövlət Universitetinin Geologiya və Geofizika İnstitutundakı Seysmologiya və Yer təkinin fizikası kafedrası filialının fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun məlumatı maraqla dinlənilib. Akademik birgə işin müsbət nəticələrindən, keçirilən elmi müsabiqələrdə gənc alimlərin uğurlarından danışıb. İclas iştirakçıları görülmüş işləri təqdir edərək bu fəaliyyət üsulunu gələcəkdə də davam etdirməyi tövsiyə ediblər.
Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Samir Məmmədov “Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin 2022-ci ildəki fəaliyyəti haqqında məlumat verərək qazanılan uğurlardan danışıb.
Akademik Akif Əlizadə institut alimlərinin illik fəaliyyət plan və proqramlarının yeni qaydada korrektə edilməsinin, ümumiyyətlə isə elmi fəaliyyətdə yeni baxışların tətbiqinin zəruriliyindən danışaraq tövsiyələr verib.
Elmi şuranın iclasında bir sıra cari məsələlərə baxılıb.