Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi - seminar
Bakı, 13 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda “Geoloji-kəşfiyyat işlərində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Seminarı açan institutun baş direktoru akademik Fəxrəddin Qədirov Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi barədə çağırışını xatırladaraq bildirib ki, bu, eyni zamanda, neft və qaz sahəsində strateji istiqaməti müəyyən edən mühüm mesaj idi. Neft və qaz sahəsində süni intellektin effektiv tətbiqi və səmərəli nəticələrin əldə olunması üçün həm geologiyanı, həm texnologiyanı, həm də bütövlükdə neft-qaz sənayesinin elmi əsaslarını dərindən bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var. Süni intellekt və rəqəmsal texnologiyalar neft sənayesinin inkişafı üçün güclü bir alətə çevrilir və neft sənayesinin rəqəmsal transformasiyası daha sistemli və sürətli addımlar tələb edir.
Daha sonra Rusiyanın Əməkdar geoloqu, Əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Kərimovun məruzəsi dinlənilib. Professor “Rəqəmsal Xəzər” məlumat bazası, süni intellekt, böyük məlumatlar, coğrafi informasiya sistemləri və rəqəmsal əksləri birləşdirərək regional neft və qaz sistemlərinin modelləşdirilməsi və proqnozlaşdırılması, hövzə və karbohidrogen sistemlərinin rəqəmsal modelləri (əksləri), neft və qaz kəşfiyyatının optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına imkan verən risklərin qiymətləndirilməsi kimi perspektiv istiqamətlərdə aparılan tədqiqat nəticələri haqqında danışıb. Məruzəçi, eyni zamanda, gənc tədqiqatçılara neft geologiyası sahəsində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin perspektiv istiqamətləri və yanaşma üsulları haqqında məsləhətlər verib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və geoloji-kəşfiyyat sahəsində rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin perspektivləri müzakirə olunub.