Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır
Bakı, 25 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 113 ləkə müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli 1867 pfu-ya kimi yüksəlib. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hazırda Günəş küləyinin sürəti 435 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə 4 nT təşkil edir.
Dekabrın 19-dan 20-dək geomaqnit sahəsinin G1 (zəif) səviyyəsinədək yüksəlməsi qeydə alınıb. Hazırda Kp indeksi 1-ə bərabərdir və geomaqnit sahə sakitdir.
Dekabrın 25-dən 31-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. Günəş küləyinin sürətinin dekabrın 24-də baş vermiş TKA təsiri ilə artacağı gözlənilir.
Dekabrın 24-də baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və dekabrın 27-də Yerə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı gözlənilir.