Geriyə boylanıb baxarkən: Vilnüsdə və Bakıda yanvar hadisələri
Vilnüs, 20 yanvar, AZƏRTAC
Litvanın geniş oxucu auditoriyasına malik nüfuzlu “Lietuvos Rytas” qəzetində Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin “Təbliğatın alternativi: xalq bayramları və həqiqətin söylənməsi” sərlövhəli müsahibəsi dərc olunub. Məqalə Bakıda qanlı Yanvar hadisələrinin 26-cı ildönümünə həsr edilib.
Bakıda 1990-cı ilin və Vilnüsdə 1991-ci ilin yanvar hadisələri arasında paralel aparan H.Məmmədzadə bildirib ki, Bakıdakı hadisələrin miqyası böyükdür, amma bu, mahiyyəti dəyişdirmir. Müəlliflər, sifarişçilər, icraçılar, onların hədəfləri tamamilə eyni olub. Tarixi həqiqətin gözünə dik baxanda aydın olur ki, 15 sovet respublikasının heç də hamısı müstəqilliyini bu yolla qazanmayıb. Heç də hamısı azərbaycanlılar və litvalılar kimi üsyan etməyib, azadlıq uğrunda savaşmayıb. Səfir bildirib ki, yanvarın 13-də Vilnüsdə və yanvarın 20-də Bakıda qəhrəmanlıq və zəfər günlərini cəsarətlə qızıl hərflərlə yazmaq olar.
H.Məmmədzadə deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi sovet hakimiyyətinin “miraslarından” biridir. İşğal faktını BMT Təhlükəsizlik Şurasının qüvvədə olan dörd qətnaməsi də təsdiq edir. Sovet rəhbərliyi Baltik ölkələrində də, Moldovada da, Gürcüstanda da xalqların arasını vurmağa çalışır, müdaxilə etmək, yaxud dondurulmuş vəziyyəti gələcəyə saxlamaq üçün bəhanə axtarırdı ki, onları gərginlik içində saxlaya bilsin.
Səfir münaqişənin həlli perspektivləri barədə suala cavabında deyib ki, Minsk qrupu danışıqlar aparır, görüşlər keçirir, amma Yerevandakı hakimiyyət ilə Ermənistan xalqı arasında yetərincə dərin uçurum var. Hətta Vilnüsdə də ermənilərdən eşidirik ki, onlar bu məsələyə çoxdan xitam vermək istərdilər. Bu da təbiidir: yaranmış vəziyyət bu ölkənin qonşuları ilə münasibətlərini inkişaf etdirməsinə imkan vermir, iqtisadi inkişafı pozur və çıxılmaz vəziyyət yaradır.
H.Məmmədzadə qeyd edir ki, Azərbaycan kompromisə getməyə hazırdır. Müxtəlif təkliflər var: bunun üçün yalnız beynəlxalq birliyin daha güclü təzyiq göstərməsi lazımdır.
http://pasaulis.lrytas.lt/rytai-vakarai/atsvara-propagandai-tautos-sventes-ir-tiesos-sakymas.htm
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs