Gimnastlarımız Bakıda keçirilən dünya çempionatının üçüncü gününü 2 medalla başa vurublar
Bakı, 12 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının üçüncü gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son olaraq kişi qrupların balans hərəkətində qaliblər müəyyənləşib.
Belçika qrupu 29,290 xalla dünya çempionu adını qazanıb. Böyük Britaniya komandası 29,080 xalla çempionatı ikinci, İsrail qrupu isə 28,060 xalla üçüncü pillədə başa vurublar.
Azərbaycan gimnastları üçüncü yarış gününü 1 gümüş və 1 bürünc medalla başa vurublar. Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz temp hərəkətində ikinci olub. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz də temp hərəkətində fərqlənib. Onlar bürünc medala sahib olublar.
Azərbaycan komandasının hesabında 3 medal var. Ötən gün Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq hərəkətdə də üçüncü olub.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Martın 13-dək davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.