GoldenPay şirkəti kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir
Bakı, 29 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, GoldenPay şirkəti VİSA beynəlxalq ödəniş sisteminin dəstəyi ilə kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir.
GoldenPay şirkətinin təsisçisi Fərid İsmayılzadə məlumat vermişdir ki, əhali kommunal ödənişləri bank vasitəsilə internetdən - hesab.az portalında ödəyə bilərlər. Onlayn ödəmə portalı bütün növ kommunal ödənişləri etmək imkanı verir. Qeydiyyatdan sonra, hər ödəniş apardıqda abunəçiyə bonus xallar əlavə olunur. Kart vasitəsilə hər xərclənmiş 1 qəpiyə görə 1 bal verilir və həmin ballar vasitəsilə abunəçi elektron lotereya bileti əldə etməklə müxtəlif hədiyyələr qazana bilər. Martın 1-dən aprelin 30-dək Visa kart sahibləri üçün kommunal xidmətlərin ödənişi zamanı xüsusi güzəştlər nəzərdə tutulmuşdur. Kart sahibləri digər ödəniş sisteminə məxsus bank kartları sahiblərindən üç dəfə artıq bonus xallar əldə edəcəklər. hesab.az internet resursuna artıq Azərbaycanın əhaliyə kütləvi ödəmə xidmətləri göstərən 20-dən çox böyük şirkət və 10 mindən artıq istifadəçi qoşulmuşdur. GoldenPay mobil telefon istifadəçiləri üçün hesab.az portalının xüsusi m.hesab.az versiyasını da hazırlamışdır.
VİSA-nın MDB üzrə regional meneceri Aleksandr Kalita bildirmişdir ki, 50 ildən çox müddətdə VİSA şirkəti dünyada nağdsız ödəniş sistemi sahəsi üzrə liderlərdən biridir. Məqsədimiz istehlakçılara istənilən yerdə, istənilən vaxtda, həmçinin internetdə rahat ödəniş vasitəsi təqdim etməkdir.