Gömrük nəzarətindən gizlədilən mobil telefon və aksesuarları aşkarlanıb
Bakı, 5 mart, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefon və aksesuarları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında “Tbilisi-Bakı” sərnişin qatarı ilə Gürcüstandan gələn 3 Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib. Bu zaman sərnişinlərdən ikisinin üst geyimlərinin ciblərində 9 ədəd “iPhone 11 Pro” və 5 ədəd “Samsung Galaxy Fold” markalı mobil telefon, gömrük nəzarətinə təqdim edilən, üzərində “Play Station 4” və “Eurolux” yazılan qutuların içərisindən isə 3 ədəd “iPhone watch” markalı saat, 6 ədəd “iPhone Airpods” markalı qulaqlıq, içərisində qulaqlıq və yükləyicilər olan 4 ədəd “Samsung Galaxy Z Flip” markalı mobil telefonlara məxsus qutu aşkarlanıb. Əməliyyat məlumatının davamı olaraq həmin qatarın digər kupesində olan sərnişinin üst geyiminin ciblərindən isə 4 ədəd “Samsung Galaxy Z Flip” markalı mobil telefon, içərisində 1 ədəd qulaqlıq, 1 ədəd yükləyici olan 27 ədəd “iPhone”, içərisində 1 ədəd yükləyici, 1 cüt bluetooth qulaqlıq olan 5 ədəd “Samsung Galaxy Fold” markalı mobil telefonlara məxsus qutu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.