GORANBOYLULAR ULU ÖNDƏRİN XATİRƏ MUZEYİNİ YARATMIŞLAR
Əvvəlcə, Heydər Əliyevin xatirə muzeyinin açılışı olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, təhsil şöbəsinin müdiri Elmar Əliyev və başqaları muzeyin yaradılması zərurətindən, dahi rəhbərin Goranboyun inkişafındakı xidmətlərindən söz açmışlar. İştirakçılar Azərbaycan dövlətinin ən çətin anlarında müdriklik göstərərək onu qoruyan, ikinci dəfə müstəqillik qazanan respublikamızda dövlətçiliyin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verən bu dahi şəxsiyyətin ictimai-siyasi və hər birimizə örnək olan həyatının ayrı-ayrı məqamlarını əks etdirən fotostendlər, müxtəlif eksponatlar, ümummilli liderin internet saytı ilə yaxından tanış olmuşlar. Sonra muzeydə qoyulmuş monitorda Heydər Əliyevin Goranboya tarixi səfərlərinin videolenti nümayiş etdirilmişdir.
Anım mərasimi Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi qarşısında davam etdirilmişdir. Mərasim iştirakçıları abidənin önünə tər çiçəklər düzmüşlər. Rayon ictimaiyyətinin nümayəndələri çıxışlarında xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyətin Azərbaycanı bütün çətinliklərdən xilas etdiyini, ölkə iqtisadiyyatını inkişaf yoluna çıxardığını vurğulamışlar. Mərasim iştirakçıları respublikamızın müstəqilliyinin möhkəmləndirilməsində və beynəlxalq aləmdə tanınmasında ulu öndərin müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin indiki və gələcək nəsillər üçün əhəmiyyətindən danışmışlar.
Sonra böyük rəhbərə həsr olunmuş şeir və rekviyemlər səslənmişdir.